İranda 2 ayda 8 fəhlə özünü yandıraraq intihar edib

İranda mayın 22-dən etibarən 8 fəhlə özünü yandıraraq intihar edib.

İranın reformist siyasi qanadına yaxın olan “Etimad” qəzetinin verdiyi məlumata əsasən, intihara əl atan fəhlələr işdən çıxarılma, ixtisar, əmək müqaviləsi ilə bağlı qeyri-müəyyənlik, cavabsız qalmış tələblər və ağır dolanışıq kimi səbəblərə görə özlərini yandırıblar.

Xatırladaq ki, son olaraq, dünən sosial mediada yayılan xəbərə görə, Gilan əyalətinin Lahican şəhərinin Su və Kanalizasiya İdarəsində çalışan fəhlə işdən çıxarılmasına etiraz olaraq özünü yandırıb.

“Etimad” qəzetinə müsahibə verən iqtisadçı və universitet müəllimi Hüseyn Rağfər fəhlələrin özünü yandırmaq metodu ilə intihar cəhdlərinin sosial mesaj daşıdığını bildirib:

“Özünü yandırmağı seçmək artıq şou deyil. Özünü yandırmağın əsas mesajı odur ki, insan üzləşdiyi ruhi təzyiqlərdən azad olmaq istəyir, həm də cəmiyyətə təsir etmək istəyir, əks halda daha rahat ölümü seçə bilərdi. Etirazını bu şəkildə özünü yox etmə üsulunu seçərək göstərməyin mesajı var. Bu işçilər mesajlarının görülməsini və eşidilməsini istəyirdilər”.

İlgili xəbərlər