İranda türkmənlərin yaşadığı bölgədə gənc qadın namus cinayəti qurbanı olub

İranın Gülüstan əyalətinin Qonbəd-e Kavus şəhərində yaşayan 1995-ci il təvəllüdlü gənc qadın əri tərəfindən namus üstündə öldürülüb.

Beş yaşlı uşaq anası olan Anita Xerədmənd bir ay öncə ailədaxili şiddət səbəbilə atasının evinə qayıdıb.

Anitanın yaxınlarından biri bildirib ki, o, 8 il öncə evlilik həyatı qurub və həyat yoldaşı çox qısqanc olub. Nə vaxt evdən bayıra çıxsa, əri tərəfindən döyülərək cəzalandırılıb. O, hər dəfə yoldaşı ilə münaqişə etdikdə atasının evinə getsə də, həyat yoldaşı onu aldadaraq təkrar evə gətirməyi bacarıb.

Son olaraq, cütlük arasında münaqişədən sonra Anita yenidən atasının evinə gedib, lakin qatil həyat yoldaşı onu evə gətirib, daha sonra qardaşı və iki dostunun köməyi ilə əvvəlcə Anitanı vəhşicəsinə döyüb, sonra isə güllələyərək öldürüb. Qatil ər və ona yardım edən digər iki nəfərin artıq həbs edildiyi bildirilib.

İranda “namus” naminə qətllərin rəsmi statistikası yoxdur, amma bəzi araşdırmalarda hər il bu səbəbdən 375-450 adamın öldürüldüyü iddia olunur.

2019-cu ildə İran polisinin dərc etdiyi araşdırma göstərib ki, ölkədə baş verən qətllərin təxminən 30 faizi bu zorakılıq növüylə bağlıdır.

Əksəriyyəti qərbdəki Xuzistan, Kirmanşah və İllam əyalətlərində baş verən qətllər xüsusilə kəndlərdə və tayfalar arasında geniş yayılıb. Amma böyük şəhərlərdə də oxşar cinayətlər törədilir.

İlgili xəbərlər