Milli fəal Behnam Zarei Əhər zindanına köçürülüb

Azərbaycanlı mədəni fəal və Təbriz Universitetinin “Ərk” jurnalının keçmiş redaktoru Behnam Zarei ETTELAAT (Təhlükəsizlik idarəsi) təcridxanasından Əhər həbsxanasına köçürülüb.
Məlumata əsasən, məhkəmə rəsmiləri Zareinin ailəsinə onun cinayət işinin ETTELAAT-da olduğunu və barəsində araşdırmaların davam etdiyini söyləyiblər.
Həmçinin bildirilib ki, Vərziğan prokurorluğu Əsgər Məhəmmədinin milli fəalın vəkili kimi onu müdafiə etməsi barədə təklifi rədd edib.
İyulun 9-da Vərziğanın Köhnəli kəndində həbs edilən Behnam Zareinin bu günə kimi nədə ittiham olunduğu barədə heç bir açıqlama verilməyib.
3 həftədən çoxdur ki, onun ailəsi ilə görüşünə və telefon əlaqəsinə icazə verilmir.
Bəzi iddialara görə vərziğanlı jurnalistin həbsi onun Süngün mədəni işçilərinin aksiya xəbərini yayması ilə əlaqədardır.
Həmin iddialara əsasən, Zareinin saxlanılması Süngün mis şirkəti rəhbərliyinin şikayəti əsasında gerçəkləşib.