İran kampaniya başlatdı: “Təbrizin Sehirli Nağılları”na qarşı “Fələstin”

İsrailin Azərbaycandakı səfirinin “Təbrizin Sehirli Nağılları” kitabını oxuma kampaniyasına qarşı Təbrizdə bir sıra hökumətə bağlı ziyalılar “Fələstin” kitabının təqdimatı üçün kampaniya başladıblar.
Bu barədə SEPAH-a bağlı “Fars” xəbər agentliyi məlumat verib.
Fars iddia edib ki, son aylarda Tehran-Bakı münasibətlərinin yaxınlaşmasından narahat olan İsrail bu münasibətə xələl gətirmək istəyir.
Qeyd edək ki, bu yaxınlarda İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehirli nağılları” kitabını oxuyarkən fotosunu dərc edərək yazıb: “Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Siz bu günlərdə nə oxuyursunuz?”
İranın Azərbaycandakı səfiri Abbas Musəvi isə İsrailli diplomatın paylaşımına Tvitter hesabında münasibət bildirib:
“Macəra axtarışında olan bu oğlancığazın nəzərinə: Əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk xəbis sionist də Təbrizin qeyrətli əhalisi tərəfindən dəfn ediləcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”
İndi isə Təbrizdə İran hökumətinə bağlı bir qrup elm və mədəniyyət, sənət adamları, media nümayəndələri və idmançılar tərəfindən adıçəkilən aksiyaya cavab olaraq kampaniyaya start verilib.
Kampaniya iştirakçıları İranın rəhbəri Əli Xameneinin yazdığı “Fələstin” kitabını oxuyarkən çəkilmiş fotolarını dərc etməklə bu kitabı “dünyaya və xüsusən də Qafqaz regionu sakinlərinə tanıtdırırlar”.