SEPAH-dan iddia: “İslami Cihad”ın İsrailə qarşı əməliyyatı Tehrandan idarə olunur

Qəzzada baş verən qarşıdurmalarla eyni vaxtda SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmail Qaani “İslami Cihad” qruplaşmasının əməliyyatlarının Tehrandan idarə edildiyini təsdiq edib.
Qruplaşmanın İsrailə qarşı əməliyyata başlaması ilə eyni vaxtda onun lideri Ziyad Əl-Nəxalə Tehranda səfərdə olub.
Qaani iddia edib ki, İsrail mövqelərinə qarşı hər gün ən azı 15 əməliyyat həyata keçirilir və bu ölkənin təhlükəsizlik faktoru azalır.
Qüds qüvvələrinin komandanı həmçinin iddia edib ki, “israillilər canlarının qorxusundan, hətta şəhərlərin içini belə hasarlayıblar”.
İran mətbuatının məlumatına görə, Tehrana səfər edən “İslami Cihad” hərəkatının baş katibi Ziyad Əl-Nəxalə İran rəsmiləri, o cümlədən də İran İslam İnqilabının Keşikçilər Korpusunun komandanı general-mayor Hüseyn Salami ilə görüşlər keçirib.
Bu arada İsrail Milli Müdafiə Qüvvələri “Sübh” əməliyyatının ikinci günündə “İslami Cihad” qruplaşmasının bütün elitasının məhv edildiyini açıqlayıb.