İranlı müxalif lider Xameneinin oğlunu hakimiyyətə gətirmə planları ilə bağlı xəbərdarlıq edib

İranın keçmiş baş naziri, “Yaşıl hərəkat”ın liderlərindən olan Mirhüseyn Musəvi İranda hakimiyyətin irsi olma ehtimalı barədə xəbərdarlıq edərək bunun daha dəhşətli nəticələrə səbəb olacağını bildirib.
On ildən çoxdur ki, məhkəmə qərarı olmadan ev həbsində saxlanılan Musəvi yenicə nəşr olan yazısında Muctaba Xameneinin atasının yerinə İran lideri olma planlarını və bu planları gerçəkləşdirmək üçün zəmin yaratmağa çalışanları sərt tənqid edib.
“Bu çirkin plan haqqındakı xəbərlər 13 ildir ki, eşidilir. Əgər doğrudan da belə bir məqsədiniz yoxdursa, niyə bunu təkzib etmirsiniz?”, – deyə Musəvi vurğulayıb.
O həmçinin İran hökumətinin Yaxın Şərq siyasətini tənqid edərək Tehranın Suriyaya müdaxiləsini qınayıb.
O, hazırkı hökumətin müqəddəslərin adından su-istifadə etdiyini, “Hərəm müdafiəçiləri” adı altında Suriyaya ordu göndərib “uşaq öldürən” bir rejimə dəstək verdiyini yazıb.
Musəvi Suriyada milyonların qaçqın düşməsini və yüz minlərlə insanın ölümünü, Livan Hizullahının bədnamlığını, İŞİD-in yaranmasını, Yəməndə dini və etnik savaşların baş verməsini, eləcə də ərəb ölkələrinin İsraillə yaxınlaşmasının kökündə İranın “pis niyyətli” əməllərinin olduğunu deyib.
Qeyd edək ki, 2009-cu ildə Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnən prezident seçkilərində “saxtakarlığa” etiraz edən İran müxalifətinin liderlərindən olan Musəvi 2010-cu ilin əvvəlindən ev dustaqlığında saxlanılırlar.