Rusiya: İran-Ermənistan sərhədində əməliyyat şəraiti gərgindir

Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistan və İran sərhədində gərgin əməliyyat şəraitinin hakim olduğunu bildirib.
Bu barədə Ermənistanın İctimai Kanalına Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsi tərəfindən məlumat verilib:
“Son vaxtlar Ermənistan və İran sərhədində gərgin əməliyyat şəraiti yaranıb, buna görə ərazidə çox sayda postlar yaradılıb”.
Məlumata əsasən, yaranmış gərgin əməliyyat şəraiti narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) İrandan Ermənistana qanunsuz keçirilməsi cəhdlərinin artması ilə əlaqədardır.
Bundan başqa, ekstremist və terror təşkilatlarının ünsürləri tərəfindən dövlət sərhədlərinin pozulması halları qeydə alınıb”,-deyə məlumatda bildirilir.
Rusiya Federal Təhlükəsizlik Xidməti həmçinin əlavə edib ki, təkcə 2021-ci ildə Mehridə sərhəd qüvvələrinin yerləşdiyi ərazidə Rusiya sərhədçiləri qanunsuz olaraq İrandan Ermənistana keçməyə çalışan iki yaraqlı şəxsi silah, qumbara və külli miqdarda sursatla saxlayıblar.