Dünyanın 2-ci qaz ölkəsi İran Rusiyadan qaz idxal etmək istəyir

İran bu yaxınlarda “Qazprom” şirkəti ilə imzalanmış anlaşma memorandumu çərçivəsində Rusiyadan qaz idxal etmək istəyir.
SEPAH-a yaxın “Fars” xəbər agentliyinin məlumatına əsasən, imzalanmış anlaşma çərçivəsində Tehran “müxtəlif məqsədlər üçün” gündəlik 55 milyon kubmetr qaz idxal edəcək.
Məlumata görə, iki ölkə arasında qaz əməkdaşlığının ən mühüm istiqaməti “Rusiya qazının idxalı və mübadiləsi”dir.
Enerji mütəxəssislərinin fikrincə, anlaşmanın bu hissəsi, digər məsələlərdən daha tez müqavilənin bağlanması ilə nəticələnəcək.
Təxminlərə görə, İranın Rusiya qazını almaqdan əsas məqsədi, xüsusilə də qış aylarında öz hasilat çatışmazlığını kompensasiya etməkdir. İran Rusiyadan sonra dünyanın ikinci qaz ehtiyatlarına sahib olsa da istehsal etdiyi qaz həcmi ölkə tələbatını ödəmir.
Ötən qış İran gündəlik 250 milyon kubmetr qaz çatışmazlığı ilə üzləşdi. Fars bildirir ki, İslam Respublikası keçən il qaz çatışmazlığı səbəbindən elektrik istehsalında 9 milyard litr dizel və 6 milyard litr mazut istehlak edib.
Mütəxəssislərin fikrincə, Rusiya qazı regional qiymətlərdən aşağı olarsa, İran daha çox dizel və mazut ixrac edərək daha çox qazanc əldə etmək üçün Rusiya qazını elektrik stansiyalarında istehlak edə bilər.