“Haaretz”: İranın Rusiyaya yükdaşıma uçuşları artıb

İsrailin “Haaretz” qəzeti uçuş məlumatlarına istinad edərək yazıb ki, Ukrayna müharibəsi başlayandan bəri İrandan Rusiyaya yükdaşıma uçuşlarının sayı artıb.
Qəzetin bildirdiyinə görə, bu ilin aprel ayından bəri İranın İnqilab Keşikçiləri Korpusuna aid 42 yük təyyarəsi Moskva hava limanına eniş edib. Bu rəqəm keçən ilin eyni dövründə 3 uçuş olub.
Qeyd edək ki, İran Mülki Aviasiya Təşkilatının sözçüsü Mirəkbər Rəzəvi iyulun 26-da İran və Rusiya arasında uçuşların həftədə 35-ə çatdırılması üçün anlaşma memorandumunun imzalandığını açıqlayıb.
O bildirib ki, bu razılaşmaya əsasən, iki ölkənin hava yolları şirkətlərinə “limitsiz” yük daşıma uçuşları həyata keçirmələri üçün icazə verilir.
Son həftələrdə bir sıra Amerika rəsmiləri Ukraynaya qarşı müharibədə istifadə edilmək üçün İrandan Rusiyaya hərbi texnika, xüsusilə pilotsuz təyyarələrin göndərilməsi barədə xəbərdarlıq ediblər.