İranın keçmiş liderinin ölüm fətvası verdiyi Salman Rüşdiyə hücum İranda da rezonans doğurub

Nyu-Yorkda keçirilən tədbir zamanı Hindistan əsilli Britaniya yazıçısı Salman Rüşdiyə bıçaqla hücum İran mətbuatında da geniş yer alıb.
İran mətbuatı Salman Rüşdiyə hücum edən şəxsi tərifləyib və xəbəri “Mürtəd yazıçı Salman Rüşdiyə bıçaqla hücum” başlıqları ilə verib.
Baş redaktoru birbaşa İranın lideri tərəfindən təyin edilən “Keyhan” qəzeti hücumu “Nyu-Yorkda mürtəd və şeytani yazar Salman Rüşdiyə hücum edən şəxsə minlərlə afərin” başlığı ilə verib.
Hücumla bağlı xəbərdə “Allahın düşməninin boynunu qıran adamın əli öpülməlidir” ifadəsi yer alıb.
İran dövlət televiziyası isə Salman Rüşdiyə bıçaqla hücumu “İran İslam İnqilabının Rəhbəri Ayətullah Xomeyninin ölüm fətvası yerinə yetirildi” kimi elan edib.
İranın nüvə müzakirələri heyətinin üzvü Məhəmməd Mərəndi sosial media hesabından hücumla bağlı paylaşım edərək, “İslamı və müsəlmanları təhqir edən, aşağılayan yazara göz yaşı tökməyəcəyəm.
Bununla belə, mümkün nüvə razılaşmasına qayıtma prosesində ABŞ-ın İranı hədəf alan Boltona sui-qəsd iddiaları və bu sonrakı hücum təsadüf ola bilərmi?” deyə yazıb.
Bu arada İranın islahatçılar qanadına bağlı keçmiş mədəniyyət naziri Ətaullah Mühacirani Tvitterdə paylaşım edərək Xomeyninin Salman Rüşdi ilə bağlı ölüm fətvasına dəstək nümayiş etdirib.
Hazırda Londonda yaşayan keçmiş nazir Xomeyninin sözügedən fətvasını dəstəkləməklə bağlı əvvəlki mövqeyini təkrar dilə gətirib. Ancaq o, tvitlərini yayımladıqdan bir neçə dəqiqə sonra yazısının bəzi hissələrini silib.
Qeyd edək ki, İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyni Salman Rüşdini yazdığı “Şeytani ayələr” romanına görə kafir elan edərək, onun ölüm hökmü ilə bağlı fətva vermişdi.