Marağanın cümə imamı Azərbaycana qarşı ittihamlar səsləndirib

Şərqi Azərbaycan əyalətinin  Marağa şəhərinin cümə imamı Azərbaycan hökumətini şiələrə qarşı basqıcı siyasət yürütməkdə ittiham edib.

 

Məhəmmədtağı Purməhəmmədi Azərbaycanda  Məhərrəmlik ayı ilə bağlı yas mərasimlərinin keçirilməsinə qarşı sərt tədbirlər görüldüyünü, bunun ağır nəticələri olacağını iddia edib.

“Tarix boyu bir çox hökumətlər şiələrə qarşı çıxmağa çalışsalar da, bu, yalnız onları alçaldıb və xar edib”, – deyə o əlavə edib.

O, cümə namazındakı çıxışı zamanı həmçinin Azərbaycan xalqının şiə olduğunu, bu diyarın “dini alimlərinin” İslam dünyasının fəxri sayıldığını qeyd edib.

“Öz xalqınız arasında yer və dəyər sahibi olmaq istəyirsinizsə, onların istək və müqəddəslərinə hörmətlə yanaşın”,- deyə Purməhəmmədi Azərbaycan rəsmilərinə xitabən deyib.

Onun sözlərinə görə, Sovet İttifaqı dövründə kommunistlər Azərbaycanda 70 il dinə qarşı mübarizə aparsalar da, “uğursuzluğa düçar oldular”.

Qeyd edək ki, son vaxtlar İranda cümə imamlarının Azərbaycan hökumətinə qarşı təbliğatları yenidən güclənib.

Ötən həftə cümə namazları mərasimlərində Azərbaycana qarşı çıxışlar edilib, namazdan sonra aksiyalar keçirilib və Azərbaycana qarşı şüarlar səsləndirilib.

İlgili xəbərlər