Güneyli fəal Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb

Tibbi məzuniyyətdə olan siyasi məhbus Abbas Lisaninin məzuniyyət müddəti yenidən uzadılıb.
Lisani 6 aylıq məzuniyyət müddətinin bitdiyi üçün avqustun 13-də Ərdəbil İnqilab Məhkəməsinin Qərarların İcrası Şöbəsində olub.
Ərdəbil şəhərinin məhkəmə-tibbi ekspertizası və Lisaninin mütəxəssis həkiminin təqdim etdiyi müalicə prosesinin tibbi sənədlərinin tədqiqinə əsasən, azərbaycanlı siyasi fəalın məzuniyyət müddəti uzadılıb.
Qeyd edək ki, müxtəlif xəstəliklərdən, o cümlədən fəqərə sütununda ciddi problemin olduğundan əziyyət çəkən milli fəal əməliyyat olunub və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun uzun müddətli müalicəyə ehtiyacı olduğu barədə arayış verdikdən sonra o, mayın 23-dən 6 aylıq tibbi məzuniyyətə buraxılıb.
Ərdəbilli türk fəal həmin şəhərin İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz qrup təşkil etmək” ittihamından suçlanaraq, 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.