Meşginşəhrdə Urmiya gölünün quruması ilə bağlı afişalar yayılıb

Ərdəbil əyalətinin Meşginşəhr (Xiyav) şəhərində Urmiya gölünün quruması və hakimiyyətin gölün bərpası ilə bağlı yarıtmaz siyasəti ilə əlaqədar afişalar yayılıb.
Üzərinə “Urmu gölü can verir” və “Urmu gölünün quruyacağı təqdirdə Azərbaycan şəhərlərinin payı xarabalığa çevrilmək, quraqlıq və köç olacaq” yazılan afişalar Meşginşəhrin müxtəlif küçələrində divarlara yapışdırılıb.
Qeyd edək ki, bir müddət əvvəl Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Əmir Abbas Cəfəri Urmiya gölünün artıq 95%-inin quruduğunu bildirmişdi.
Güney azərbaycanlı fəallar, çevrə fəalları, eləcə də bəzi azərbaycanlı deputatlar Prezident İbrahim Rəisi dövründə gölün bərpası üçün nəzərdə tutulan işlərin heç birinin yerinə yetirilmədiyini deyirlər.