Siyasi məhbus Əkbər Nəiminin işinə yenidən baxılacaq

İran Ali Məhkəməsi 9 il həbs cəzasına məhkum edilən milli fəal Əkbər Nəiminin işinə yenidən baxılması haqda qərar qəbul edib.
Ali Məhkəmənin 9-cu bölməsi Evin zindanında fəala qarşı “qanunsuz təşkilata üzv olmaq” və “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları ilə çıxarılan hökmü ləğv edib.
Fəal barədə açılan cinayət işinə yenidən baxılması üçün Tehran əyalətinin Apelyasiya Məhkəməsinə göndərilib.
Azərbaycanlı milli fəal Əkbər Nəimi ötən ilin iyunun 19-da həbs edilərək Tehranın Evin həbsxanasına köçürüldükdən bəri məhkum olduğu 9 il 8 ay həbs cəzasını çəkməkdədir.
Əslən Qərbi Azərbaycanın Xoy şəhərindən olan və Tehranda yaşayan azərbaycanlı fəalın “qanunsuz qrupa üzv olmaq,” “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimə müxalif qrupların lehinə təbliğat aparmaq” ittihamlarından müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edildiyi bildirilir.
Dinc fəaliyyətləri ilə tanınan siyasi məhbus daha öncə İran rəsmiləri tərəfindən qapadılan “Günəbaxan” mədəniyyət mərkəzinin qurucularındandır.
O, “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların da təsisçilərindən biri olub.