İran ABŞ-la məhbuslarla bağlı razılaşmanı yerinə yetirməyə hazır olduğunu bildirib

İranın Xarici İşlər Nazirliyi ABŞ-la məhbuslarla bağlı razılaşmanı dərhal yerinə yetirməyə hazır olduğunu bildirib.

Bu haqda İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ dövlət katibinin və bu ölkənin İran məsələləri üzrə xüsusi nümayəndəsinin məhbusların mübadiləsinə görə verdikləri şərhlə bağlı jurnalistlərin suallarına cavablandırarkən açıqlama verib.

XİN sözçüsü qeyd edib ki, İslam Respublikası hərtərəfli birgə fəaliyyət planından asılı olmayaraq, dəfələrlə müxtəlif kanallar vasitəsilə məhbuslar məsələsini həll etməyə hazır olduğunu açıqlayıb:

“Bu razılaşmanın həyata keçirilməsi ilə ABŞ-da həbsdə olan, ABŞ-ın qəddar və qeyri-qanuni sanksiyalarını pozmaq kimi saxta ittihamlarla həmin ölkənin məhkəmə sisteminin ədalətsizliyinin qurbanına çevrilmiş günahsız iranlılar azadlığa çıxma imkanı əldə edəcək və ailələrinin yanına dönəcək”.

N.Kənani iddia ki, ABŞ tərəfinin bu sahədə fəaliyyət göstərmək və maneələri aradan qaldırmaq əvəzinə, İran əleyhinə yalnız təbliğat şouları həyata keçirməsi təəccüblüdür.

Qeyd edək ki, ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali Amerika vətəndaşlarının İran tərəfindən ədalətsiz həbs edilməsini, siyasi rıçaq kimi istifadə edilməsini rüsvayçılıq adlandırıb.

“İran Siyaməklə yanaşı, Baqir Namazi, Emad Şərqi və Murad Təhbaza da öz sevdiklərinin yanına qayıtmaq imkanı verməlidir”-deyə Mali bildirib.

Hazırda İranda onlarla Amerika və Avropa vətəndaşı, o cümlədən İran əsilli ikili vətəndaşlığı olan şəxslər həbsdə saxlanılır.

Bir sıra dövlətlər və beynəlxalq insan haqları təşkilatları İran hökumətinin bu əməlini “girov götürmə” kimi dəyərləndirirlər.

İlgili xəbərlər