Salman Rüşdiyə hücum edən şəxs Xomeyni heyranı olduğunu deyib

Yazıçı Salman Rüşdiyə hücum edərək bıçaq zərbələri ilə yaralayan Hadi Mətər İranın keçmiş rəhbəri Ruhullah Xomeyninin heyranı olduğunu deyib.

Livan əsilli Mətər Rüşdiyə hücumla bağlı Xomeyninin fitvasını rəhbər tutub-tutmadığı barədə heç bir açıqlama verməyib.

Hadi Mətər “Şeytan ayələri” kitabının yalnız bir neçə səhifəsini oxuduğunu və Tvitterdə Salman Rüşdinin Çautauqua İnstitutunda olacağını öyrəndikdən sonra ora getməyi qərara aldığını deyib.

“Məncə, o(Xomeyni), böyük insan idi. Bu barədə deyə biləcəyim tək şey budur”-deyə, 25 yaşlı Mətər Çautauqua həbsxanasında saxlandığı yerdə aparılan video çəkilişdə bildirib.

O, S.Rüşdini bəyənmədiyini, onun islam və müsəlmanların inanclarına qarşı hörmətsizlik etdiyini söyləyib.

S.Rüşdinin illər əvvəl yazdığı “Şeytan ayələri” romanı fanatik müsəlmanların ciddi etirazına səbəb olub. İranın birinci lideri ayətullah Xomeyni fitvasında Rüşdini açıq şəkildə lənətləyərək onu, eləcə də kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb.

Yazıçı 2016-cı ildə 2000-ci ildən yaşadığı ABŞ vətəndaşlığını alıb.

İlgili xəbərlər