Şimal-Cənub dəmir yolu dəhlizinin sonuncu hissəsinin tikintisi sürətlənir

İranın Yollar və Şəhərsalma nazirinin müavini Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirildiyini bəyan edib.
“Müasir üsullardan istifadə etməklə ölkənin dəmir yolu şəbəkəsinin beynəlxalq dəmir yolu marşrutlarına qoşulması üçün son hissə tikiləcək və hazır vəziyyətə gətiriləcək”, – deyə Xeyrullah Xademi deyib.
Şimal-Cənub Beynəlxalq Dəhlizi Hindistan və körfəz ölkələrindən İran vasitəsilə Azərbaycan Respublikasına, Rusiyaya, Şərqi və Şimali Avropaya dəmir yolu ilə yüklərin daşınması imkanını yaradır.
Dəhlizin Azərbaycandan keçən hissəsi hazırdır. Azərbaycan eləcə də İran Astarasında yük terminalının tikintisində fəal iştirak edib və İrana Qəzvin-Rəşt dəmir yolunun Astara (İran) şəhərinə kimi çəkilməsi üçün 500 milyon dollar güzəştli kredit ayırıb.
Bu o deməkdir ki, İran tərəfi öz öhdəliyini yerinə yetirərək Rəşt-Astara dəmir yolu layihəsinin icrasını tamamladığı andan etibarən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi Azərbaycan ərazisindən keçməklə istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq.