Urmiya komandası borc üzündən İran voleybol superliqasından kənarlaşdırılıb

Voleybol üzrə məşhur olan Urmiya şəhərinin əsas komandası İran superliqasından çıxarılıb.

Rəsmi dövlət agentliyi İRNA-ya istinadən, Urmiyanin Bələdiyyə və Vəraminin Bələdiyyə komandaları bəzi prosesləri müəyyən edilmiş möhlətdə tamamlamadıqları üçün İran voleybol superliqasından kənarlaşdırılıblar.

“Voleybol federasiyası liqa təşkilatının yayımladığı bəyanata əsasən, milli voleybol sistemində heç bir müqavilənin qeydə alınmaması və keçmiş borcların ödənilməməsi səbəbilə liqa təşkilatı status təyinetmə komitəsinin rəyinə əsasən bu komandaların superliqadakı statusunun ləğvinə qərar qəbul edib,” İRNA bildirib.

Yarı-rəsmi Mehr agentliyi Urmiyanın Bələdiyyə komandasının oyunçular, texniki məşqçi və klubun çalışanlarına cəmi 26 milyard tümən borclu olduğunu yazıb.

Urmiya Şəhər Şurasının sözçüsü Əli Mustafazadə komandanın “səhlənkarlıqlar və işə daş qoymalar” səbəbilə superliqadan çıxarıldığını önə çəkib. Yarı-rəsmi “Fars” agentliyinə danışan Mustafazadə komandanın önünə hansı qurum tərəfindən “daş qoyulduğunu” açıqlamayıb.

“Superliqanın yayımladığı bəyanat bizi narahat edib. Amma komandanın superliqaya qayıtması üçün bütün cəhdlərimizi göstərəcəyik ki, ümidsizliyi gənclərdən uzaq tutaq. Bələdiyyə komandasının 26 milyard tümənliq borcu ödənilməlidir. Bu borc da şübhəlidir və təhqiqat aparılmalıdır ki, səhlənkarlıq varsa ortaya çıxsın,” Urmiya Şəhər Şurasının sözçüsü söyləyib.

Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya İranda Asiyanın Voleybol Paytaxtı ünvanı ilə tanınır. Urmiyalı voleybolçular həmişə İranın milli voleybol komandalarında önəmli yerə sahib olublar.

Təbrizdə futbol oyunları zamanı eşidilən milli şüarlar Urmiya şəhərində voleybol matçlarında səsləndirilir. 2015-ci ilin mart ayında Tehranın Azadi stadionunda İran milli voleybol çempionatının finalından sonra şüarlar səsləndirən Urmiyanın Bələdiyyə voleybol komandasının tərəfdarları İran polisinin hücumuna məruz qalaraq ağır şəkildə döyülmüşdülər. (Amerikanın Səsi)

İlgili xəbərlər