Urmiya vilayət Şurasına etnik kürd başçı seçilib

Dünən Qərbi Azərbaycan əyalətinin Urmiya vilayətinin Şurasının rəhbərliyi üçün keçirilən səsvermədə kürd mənşəli namizəd qalib gəlib.
Urmiya vilayət şurası Urmiya şəhəri (2 nəfər), Mərkəzi (1 nəfər), Nazlu(2 nəfər), Sero(2 nəfər), Ənzəl(2 nəfər) və Silvana(2 nəfər) şəhər və bölgə şuralarının təmsilçilərindən ibarət qurumdur.
Səsvermə zamanı vilayət şurasının 11 üzvündən 6-sının səsini qazanan Sadiq Təvəkküllimehr Vilayət Şurasının başçısı seçilib.
Urmiya şəhər şurası tərəfindən vilayət şurasına seçilən kürd dilli Təvəkküllimehr bundan öncə Urmiya Şəhər Şurasının iclaslarında türkcə danışmağa, eləcə də şəhərin müxtəlif küçələrinə türkcə adların verilməsinə qarşı çıxmaqla yerli fəalların etirazına səbəb olmuşdu.
Yerli medianın fikrincə, Urmiya şəhər şurasında türklərin arasında yaşanan ixtilaflardan sonra bəzi türk üzvlər kürd üzvlərlə birgə Təvəkküllimehri dəstəkləyərək onun vilayət şurasına üzv seçilməsinə şərait yaradıblar.