Güney Azərbaycan şəhərlərində və kəndlərində içməli su problemi yaşanır

Güney Azərbaycanın müxtəlif şəhərlərində və kəndlərində bir neçə gündür ki, içməli su çatışmazlığı yaşanır.

Məlumata əsasən, Həmədan əyalətində su problemi bir neçə gündür daha da kritik vəziyyətə çatıb.

Əyalətin mərkəzi Həmədan şəhərində bir neçə ay idi ki, sular hər gecə saat 11-dən səhər saat 5-ə qədər kəsilirdi. Ancaq, xəbər agentlikləri son günlərdə bəzi bölgələrdə kəsintilərin 48 saata qədər çatdığını bildirirlər.

Rəsmi IRIB News agentlinin yazdığına görə, “hazırda Həmədan şəhərində içməli su gündə 12 saat kəsilir və ya təzyiqin düşməsi üzündən istifadə oluna bilmir. Bəzi bölgələrdə əhali 48 saat kəsinti görüblər”.

Yarı-rəsmi Mehr agentliyi isə Həmədan əyalətində  11 şəhər və 171 kəndin su qıtlığından əziyyət çəkdiyini yazıb.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində də neçə gündür ki, əhali bənzər problemlərlə üz-üzədir. Əhalinin dediyinə görə, son 11 gün ərzində su hər gün bir neçə saat kəsilir.

Şərqi Azərbaycan əyalətində də valiliyin Kənd Məsələləri üzrə rəhbəri Məhəmməd İskəndəri su böhranı ilə üzləşən kəndlərin sayının 700-ə çatdığını bildirib.

O, həmçinin əlavə edib ki, hazırda 250 kənd tankerlər vasitəsilə su ilə təmin olunur.

İrandakı su böhranı bəzi ekspertlərin və rəsmilərin fikrincə, təhlükəsizlik probleminə çevrilə biləcək problemlərdən biridir.

İlgili xəbərlər