4 milli fəal prokurorluğa çağırılıb

Təbrizin Ümumi və İnqilab Prokurorluğu milli-mədəni fəal və sənətçilər Əhməd və Mustafa Əşrəfi Liqvan qardaşlarına bildiriş göndərib.

Qurum onlardan müəyyən edilmiş möhlət içində adı çəkilən prokurorluğun 15-ci bölməsinə getmələrini tələb edib.

Əşfəri qardaşları bundan öncə mayın 22-də özlərinin iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Kəşfiyyat (ETTELAAT) idarəsinin təcridxanasına aparılıb, 11 gün dindirildikdən sonra Təbriz zindanına köçürülmüşdülər.

“Hökumətə qarşı təbliğat aparmaq”də ittiham olunan qardaşlar iyun ayının 5-də 100 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Təbrizdə həmçinin milli fəallar Şahin Bərzgər və Siyamək Fərəczadə (Qaradağlı) prokurorluğa çağırılıblar.

 

 

Milli fəallara çağırış vərəqələri göndərilərək, onlardan müəyyən edilmiş möhlət içində Təbrizin ümumi və inqilab prokurorluğunun  15-ci bölməsinə müraciət etmələri tələb edilib.

Şahin Bərzgər daha əvvəl də göstərdiyi fəaliyyətlər səbəbilə həbs və mühakimə edilib. O, 2021-ci ilin iyul ayının son günlərində nəzarət altına alınıb və bir neçə həftə sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Siyamək Fərəczadənin isə keçən iyun ayında illik Babək Qalası yürüşü ilə əlaqədar saxlanıldığına dair məlumat yayılmışdı.

İlgili xəbərlər