Güneyli alim Hüseyn Məhəmmədzadə Sədiq vəfat edib

Güney Azərbaycanın tanınmış şair, tədqiqatçı və yazıçısı Hüseyn Məhəmmədzadə Sədiq- Düzgün avqustun 24-də bir müddət xəstəlikdən sonra Tehranda vəfat edib.

Bu barədə alimin oğlu Eldar Məhəmmədzadə Sədiq öz İnstagram səhifəsində məlumat verib.

Xərçəng xəstəliyindən əziyyət çəkən alim bu gün səhər saatlarında Tehranın Firuzgər xəstəxanasında dünyasını dəyişib.

Hüseyn Düzgün 1945-ci ilin iyulunda Təbrizin Sırxab məhəlləsində anadan olub və 77 yaşında Tehranda vəfat edib.

O, 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan “Yoldaş”, “İnqilab Yolunda”, “Yeni Yol” dərgilərinin baş redaktoru və təsisçisi olub.

İnqilabın ilk illərindən sonra ağır siyasi basqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.

O, müxtəlif şəhərlərdə türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub.

Hüseyn Düzgün sağlığında 300 kitab nəşr edib, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Əmir Əlişir Nəvai kimi şairlərin yaradıcılığı ilə bağlı araşdırmalar aparıb və divanlarını İranda çap etdirib.

O, Əmir Əlişir Nəvainin yaradıcılığı ilə bağlı araşdırmalarına görə Özbəkistan Prezidentinin sərəncamı ilə dostluq ordeni ilə təltif edilmişdi.

Araşdırmaçı və yazıçının cəsədi Tehrandan Təbrizə aparılaraq avqustun 25-də bu şəhərin incəsənət xadimləri məzarlığında dəfn ediləcək.

İlgili xəbərlər