“Rusiyanın İranla qaz mübadiləsinin heç bir məntiqi və iqtisadi əsası yoxdur”

Enerji məsələləri üzrə iranlı mütəxəssis Qulamrza Həsəntaş hesab edir ki, Rusiya Avropa enerji bazarında İranın rəqibi olub.

Həsəntaşın sözlərinə görə, Rusiyanın İrandan qaz mübadiləsi əməliyyatı həyata keçirməsi İran üçün nəinki fürsət deyil, həm də uzunmüddətli perspektivdə İrana qarşı təhlükəyə çevriləcək.

Mütəxəssisin fikrincə, Rusiya Avropanın qaz bazarında öz inhisarını saxlamaq üçün İranın bu bazara daxil olmasına mane olmağa çalışır və İranı Şərqə doğru sıxışdırıb. İndi Rusiyanın Qərbdə mövcudluğu məhdudlaşdığına görə o, Şərqə üz tutub və Şərqdə də İranın potensial imkanlarını məhdudlaşdıra bilər.

“İranın Avropaya qaz ixracı bir sıra maneələrlə üzləşir: İranın Avropaya ixrac edəcək daha çox qazı yoxdur və ölkənin qaz balansı bundan sonra daha da mənfi olacaq. Rusiya ilə Amerika da bu yolda maneçilik törədirlər və İranın qaz mübadiləsi əməliyyatları sahəsində çoxlu problemləri var”,-deyə Həsəntaş vurğulayıb.

Bir müddət əvvəl İran mediası bu ölkənin yaxın gələcəkdə “Qazprom” şirkəti ilə imzalanmış anlaşma memorandumu çərçivəsində Rusiyadan qaz idxal etmək istədiyini yazmışdılar.

İmzalanmış anlaşma çərçivəsində Tehran “müxtəlif məqsədlər üçün” gündəlik 55 milyon kubmetr qaz idxal edəcək.

Məlumata görə, iki ölkə arasında qaz əməkdaşlığının ən mühüm istiqaməti “Rusiya qazının idxalı və mübadiləsi”dir.

Təxminlərə görə, İranın Rusiya qazını almaqdan əsas məqsədi, xüsusilə də qış aylarında öz hasilat çatışmazlığını kompensasiya etməkdir. İran Rusiyadan sonra dünyanın ikinci qaz ehtiyatlarına sahib olsa da istehsal etdiyi qaz həcmi ölkə tələbatını ödəmir.

İlgili xəbərlər