ABŞ: Rusiya İranın PUA-larından istifadədə problemlərlə üzləşib

Co Bayden hökumətinin rəsmiləri bildiriblər ki, Rusiya Ukraynaya qarşı müharibədə İran istehsalı olan PUA-lardan istifadə edərkən texniki problemlərlə qarşılaşıb.

“Associated Press” xəbər agentliyi adının çəkilməsini istəməyən həmin rəsmilərə istinad edərək yazıb ki, İran PUA-larının “çoxlu qüsurları” var. Söhbət radar sistemlərinə, artilleriya qurğularına və digər hərbi obyektlərə atəş açmaq üçün nəzərdə tutulan ən azı iki növ pilotsuz döyüş təyyarəsindən, yəni “Mohajer-6” və “Şahed”dən gedir.

ABŞ rəsmiləri “qusürlar”ın nə ilə bağlı olduğu haqda məlumat verməyib.

“Associated Press” keçən həftə bildirmişdi ki, İran Rusiyaya yüzlərlə PUA göndərib.

Xatırladaq ki, bir sıra Amerika rəsmiləri son həftələrdə Ukraynaya qarşı müharibədə istifadə etmək məqsədilə Rusiyaya İran istehsalı PUA-ların göndərilməsi ilə bağlı xəbərdarlıq ediblər.

Rusiyalı rəsmilər son həftələrdə İranın pilotsuz uçuş aparatları ilə işləmək üçün bu ölkədə keçirilən təlimlərdə iştirak ediblər.

İlgili xəbərlər