İsrail Suriyada İrana qarşı əməliyyat həyata keçirib

İsrail qırıcıları Suriyanın Hələb və Dəməşq hava limanlarına hava hücumu gerçəkəşdirib.
Bəzi mənbələr, o cümlədən, Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə və İranın Saberin News xəbər kanalları əməliyyatın məqsədinin İran təyyarəsinin enişinin qarşısını almaq olduğunu yazıblar.
Məlumata əsasən, İran təyyarəsinin enişinin qarşısını almaq üçün İsrailin Hələb hava limanını hədəf alması təyyarənin Dəməşqə doğru istiqamətini dəyişməsinə səbəb olub. Lakin İsrail qırıcıları həmin təyyarəni izləyərək onun enişinə mane olmaq üçün Dəməşq hava limanını da bombalayıblar.
Əl-Ərəbiyyənin iddiasına görə, sözügedən təyyarə İranın Mahan Air hava yolları şirkətinə aid olub. Qeyd edək ki, “Mahan Air” aviaşirkəti SEPAH-ın Qüds qanadı üçün silah və təchizat daşımaqda ittiham olunur. Bu şirkət “terrorçuluq” fəaliyyətinə görə ABŞ hökuməti tərəfindən sanksiyalar siyahısına salınıb.
SEPAH-a bağlı “Tasnim” xəbər agentliyi də yerli mənbələrə istinadən məlumat yayıb ki, İsrailin Hələb hava limanına təşkil etdiyi hava hücumunda hava limanının qərb eniş-uçuş zolağının son 300 metrlik hissəsi zədələnib və mülki və normal uçuşlar həyata keçirmək mümkün olmayıb. Ancaq həmin agentlik iddia edib ki, təyyarə İsraili hücumundan bir neçə dəqiqə əvvəl hava limanına eniş edib.
Bəzi mənbələrə görə isə, hücumda sursat anbarı və ya təyyarələri qoruyan anqarlar hədəfə alınıb.
Suriyanın rəsmi xəbər agentliyi hadisənin tələfatı olmadığını iddia edib.