Şərqi Azərbaycan valisi Ermənistana səfər edib

Şərqi Azərbaycan valisi əyalətin iş adamlarından ibarət iqtisadi və ticarət nümayəndə heyəti ilə birlikdə Ermənistana səfər edib.

“Bu səfər əyalətimizin sərhəd imkanlarından istifadə edərək beynəlxalq əlaqələrin inkişafı yönündə və İran hökumətinin bununla bağlı sərhədyanı əyalətlərə verdiyi səlahiyyətlər əsasında həyata keçirilir”, -deyə Abidin Xurrəm İrəvana yola düşməmişdən öncə jurnalistlərə açıqlamasında bildirib.

Vali İrəvana səfərinin məqsədinin gömrük və nəqliyyat məsələlərinin müzakirəsi, iki ölkənin sərhədində ortaq ticarət və İranla Ermənistan arasında birgə texnologiya şəhərciyinin yaradılmasına nail olmaq olduğunu deyib.

Şərqi Azərbaycan valisi səfər çərçivəsində Ermənistanın iqtisadiyyat, ekologiya, infrastruktur nazirləri və digər rəsmi şəxsləri ilə görüşəcəyini qeyd edib.

Vali İrəvanda İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zuhuri ilə də görüşüb.

“Bu səfərdə əyalətin müxtəlif sahələrdə mühüm və nüfuzlu dövlət qurumlarının rəsmiləri iştirak edir və Ermənistanla əməkdaşlıq sahələri ilə bağlı mövcud məsələləri İranın aidiyyəti qurumlarına çatdıra bilirlər”, – deyə Xurrəm görüşdə bildirib.

Görüşdə Bədəxşan Zuhuri də İran səfirliyinin özəl sektorla əməkdaşlığa, eləcə də əyalətin sərmayəçi və ixracatçılarının Ermənistanda fəaliyyətləri qarşısında maneələrin aradan qaldırılmasına hazır olduğunu bildirib.

Bu Abidin Xurrəmin Ermənistana ilk səfəridir. Vali bundan əvvəl yanvar ayında Azərbaycan Respublikasına da səfər edib.

İlgili xəbərlər