Təbrizli öyrənci Polad Həşimovun büstünü şəhidin ailəsinə təqdim edib + VİDEO

Türkiyədə təhsil alan Əli Həmzəzadə Azərbaycanda velosiped turunu başa vurduqdan sonra şəhid Polad Həşimovun büstünü Güney Azərbaycan türkləri adından şəhidin ailəsinə təqdim edib.
Bir aya yaxındır ki, Türkiyə və Azərbaycan bayraqları ilə Azərbaycanın Quzeyini qərbindən-şərqinə gedən marşrutla hərəkət edən Həmzəzadə səfərinin son günlərində Şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edərək şəhidin büstünü onun anasına hədiyyə edib.
Şəhid general-mayor Polad Həşimovun anası isə Azərbaycanın Güneyindəki türk millətinə salamlarını çatdırıb və Türk Ölkələri Təşkilatının bayrağını Əli Həmzəzadəyə təqdim edib.
Görüşün sonunda Şəhid general Polad Həşimovun anası deyib:
“Ümid edirəm ki, bir gün yollar açılacaq və Güney Azərbaycanın türk xalqı rahatlıqla bu evə gələcək”.
Həmzəzadə bu hadisə ilə bağlı şəkil və videonu öz İnstagram səhifəsində (Özgürlük Yolcusu) yayıb.
Türkiyədə hüquq sahəsində doktorant olan Əli Həmzəzadə daha əvvəl Türkiyənin Antalya şəhərində Urmiya gölünün dirçəldilməsi üçün simvolik etiraz aksiyasında velosipedlə 130 kilometr məsafə qət etmişdi.
O, ötən ilin yayında işğal altında olan Qarabağın azad olunması və İranda yaşayan türk uşaqlar üçün türkcə kitablar hədiyyə etməklə əlaqədar Antalyadan Gürcüstan sərhədinə qədər bənzər bir formada 30 gün velosiped sürmüşdü.
Əli Həmzəzadə İnstagram səhifəsində qeyd edib ki, bu ildə Azərbaycanın Güneyinin uşaqlarına göndərmək üçün kitab toplamağı planlaşdırır.
İranda nəşri dayandırılan tələbə jurnalı “Açıq Söz”ün baş redaktoru Həmzəzadə Türkiyədə təhsil aldığı müddətdə “Özgürlük Yolcusu” adı ilə velosiped turları şəklində dünyada Azərbaycanın Güneyi və insan hüquqları ilə bağlı olan problemləri gündəmə gətirmək niyyətindədir.