The Wall Street Journal: ABŞ regionda İrana qarşı PUA şəbəkəsi yaradır

ABŞ region ölkələri ilə birgə İran təhdidinə qarşı PUA şəbəkəsi yaratmaq niyyətindədir.

Bu barədə “The Wall Street Journal” qəzeti məlumat verib.

Qəzetin yazdığına görə, ABŞ Hərbi Dəniz Qüvvələri İslam Respublikasının bölgədəki fəaliyyətlərinin qarşısını almaq üçün İsrail, Səudiyyə Ərəbistanı və bir neçə Yaxın Şərq ölkəsi ilə birgə PUA şəbəkəsini işə salmaq üzərində işləyir.

Məlumatda bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri gələn ilin yayınadək Misirdəki Süveyş kanalından İran sahillərinə qədər ərazini əhatə edən layihə üçün bölgə ölkələrinin 100 ədəd kiçik müşahidə PUA-sını fəaliyyətə cəlb etməyi planlaşdırır.

Həmin uçuş aparatlarının topladığı məlumatlar ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanması nəzdindəki komanda mərkəzinə göndəriləcək.

Hazırda, Pentaqonun Manamadakı “robotik əməliyyat” komanda mərkəzi sözügedən layihəyə nəzarət edir.

Məlumata görə, hazırda sınaqdan keçirilən pilotsuz təyyarələr silahsızdır, lakin müdafiə analitiklərinin fikrincə, ABŞ Dəniz Qüvvələri gələcəkdə onlardan bəzilərini silahlandıra bilər.

İlgili xəbərlər