İranlı deputat: Qərb anlaşmaya geciksə atom bombası düzəltməyə qadirik

İran parlamentinin deputatı Məhəmməd İsmayıl Kovsəri İslam respublikasının uranın 60% zənginləşdirməsini 93%-ə çatdıra biləcəyini deyib.
Sepah generalı olan Kovsəri bunun atom bombası istehsalı potensialına sahib olmaq anlamına gəldiyini bildirib.
“Biz buna can atmasaq da, qarşı tərəf gec addım atarsa, bizdə bu imkan var. İndi onların bizə ehtiyacı var”,- deyə o, əlavə edib.
SEPAH komandirinin bəyanatı nüvə sazişinin əleyhdarlarının Tehranı nüvə silahı yaratmaq qabiliyyətinə nail olmaq üçün uranı zənginləşdirmək niyyətində olduğunu dedikləri bir vaxtda səslənir.
Son vaxtlar İranın bir sıra rəsmiləri, o cümlədən Kamal Xərrazi, Məhəmməd Cavad Laricani və Atom Enerjisi Təşkilatının rəhbəri Tehranın atom bombası yaratmaq qabiliyyətinə malik olması barədə xəbərdarlıq edib, ancaq belə bir niyyətlərinin olmadığını iddia ediblər.