İran saxladığı ABŞ-ın 2 pilotsuz üzən gəmisini buraxıb, gəmilərin kameraları yoxa çıxıb

İran Hərbi Dəniz Qüvvələri sentyabrın 1-də Qırmızı dənizdə ABŞ-ın iki pilotsuz üzən gəmisini ələ keçirdiyini və sonra onları buraxdığını bildirib.

Birləşmiş Ştatların müdafiə rəsmisi “Associated Press” agentliyinə bildirib ki, Qırmızı dənizdə Amerikanın iki esminesi və bir sıra helikopterləri İranın hərəkətlərinə reaksiya verib. Rəsmi bildirib ki, onlar İran esminesi ilə radio vasitəsilə əlaqə saxlayıb və cümə günü səhər pilotsuz gəmilər iranlılar tərəfindən buraxılana qədər İran esminesini təqib etməyi dayandırmayıblar.

“Reuters” agentliyi da Pentaqon rəsmisinə istinadən xəbər verib ki, iranlılar öncə ABŞ-ın iki pilotsuz gəmisini brezentlə örtüb və onları ələ keçirdiklərini inkar ediblər. ABŞ rəsmisi deyib ki, yalnız Amerika hərbi gəmiləri hadisə yerinə yaxınlaşdıqdan sonra iranlılar iki gəmini buraxıblar.

Məlumata əsasən, hadisədən sonra pilotsuz gəmilərin kameraları yoxa çıxıb.

 “Wall Street Journal” qəzeti amerikalı bir məmura istinadən yazıb:

“İranlıların kameraları saxlayıb-saxlamadıqları və ya pilotsuz gəmiləri sudan çıxarıb yenidən suya buraxdıqları zaman kameraların suya düşüb-düşməməsi bəlli deyil”.

Amerika rəsmiləri bildiriblər ki, gəmilərdəki kameralar, radarlar və digər avadanlıqlar gizli texnologiyalar sayılmır. Lakin kameraların saxlanması və bu gəmilərin avadanlıqlarının yaxından yoxlanması İrana onların potensialı və  imkanları haqqında daha yaxşı təsəvvür əldə etməkdə kömək edə bilər.

İlgili xəbərlər