Rusiya İrandan Suriyadakı bəzi bazalarını tərk etməsini istəyib, Tehran təkzib edir

Səudiyyə Ərəbistanına bağlı “Şərq Əl-Əvsət” qəzetinin məlumatına görə, rus zabitləri İran hökumətindən Suriyanın Həma və Tartus şəhərlərindəki hərbi bazaları tərk etməyi tələb ediblər.

Mərkəzi Londonda olan qəzetin iddiasına görə, Suriya ərazisinə “İsrailə aid edilən hava hücumlarının” artmasından sonra, Rusiya hökuməti İran İslam Respublikası və onun təmsilçi qüvvələrindən Suriyadakı bəzi mövqelərindən geri çəkilmələrini istəyib.

Qəzetin yazdığına görə, Rusiya hərbçiləri çərşənbə günü Suriyanın Həma hava limanında iranlı həmkarları ilə görüşüb və onları Suriya ordusunun 49-cu alayının bazası ilə yanaşı yerləşən Həma vilayətindəki İrana məxsus hərbi qərargahı tərk etməyə çağırıblar.

Sözügedən baza İslam Respublikası üçün mühüm hərbi baza hesab olunur. Çünki İran hökumətinə bağlı hərbi qüvvələr S-200 hava hücumundan müdafiə sistemi raketlərini və Rusiya istehsalı olan digər hərbi texnikanı orada saxlayır.

İddiaya görə, rus zabitlərinin İrana bağlı qüvvələrin boşaltmasını istədikləri digər yer Tartusun cənubunda yerləşən sahilyanı Əl-Həmdiyə şəhəri yaxınlığındakı bazadır.

Bu arada İranın Ali Təhlükəsizlik Şurasına bağlı Nur News xəbər portalı “Şərq Əl-Əvsət” qəzetinin xəbərini təkzib edib.

“İranın Suriyada olması Dəməşq tərəfindən koordinasiya edilib və terrorla mübarizə məqsədi daşıyır. İran, Suriya və Rusiya arasında terrorla mübarizədə strateji əməkdaşlıq güclə davam edir”, – deyə Nur News yazıb.

İranın Təhlükəsizlik təşkilatının media orqanı həmçinin iddia edib ki, “bu cür xəbərlərin saxtalaşdırılması Suriyada təkfirçi terrorizmin qalıqlarını ruhlandırmaq” və İsraili regional siyasi-təhlükəsizlik dəngələrdə “təsirli” göstərmək məqsədini daşır.

İlgili xəbərlər