Xameneinin Ərdəbildəki təmsilçisi: “Azərbaycanda anti-İran təbliğat kampaniyasının arxasında sionistlər dayanır”

İranın lideri Əli Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi Seyid Həsən Amili Azərbaycanda anti-İran təbliğat kampaniyasının arxasında İsrailin dayandığını iddia edib.
“Azərbaycanda bir neçə siyasətçini və qəzeti satın ala bilərsiniz, amma buna əmin olun ki, o diyarın Əli şiələri satılmaz. Azərbaycanın dəyərli xalqından soruşmaq istəyirəm ki, ölkənizdəki anti-İran kampaniyasının kimin əli ilə idarə olunduğu haqda düşünürsünüzmü?”, – deyə Amili cümə namazının xütbəsində bəyan edib.
Amili həmçinin Azərbaycanın milliyyətçi cərəyanını İranın yüksək rütbəli məmurlarına, o cümlədən də Əli Xameneiyə qarşı təhqir kampaniyası yürütməkdə ittiham edib.
Xameneinin Ərdəbildəki nümayəndəsi Azərbaycan dövlətinin mövqeyini əks etdirən bəzi media orqanlarında da İran rəhbərinə qarşı təbliğat aparıldığını deyib və bunların arxasında “Sionist rejim”in olduğu barədə ənənəvi fikirlərini təkrarlayıb.
Amili çıxışının davamında bir daha Naxçıvanı Azərbaycanla birləşdirən yoldan danışaraq, köhnə yoldan başqa hazırda İranda Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək yeni yolun tikildiyini deyib və bunun tərəflər üçün ən sərfəli yol olduğunu iddia edib.
O, Laçının və Qarabağ ətrafındakı bəzi ərazilərin Azərbaycana qaytarılması münasibətilə Azərbaycan xalqını təbrik edərək deyib: Allahdan arzum budur ki, Azərbaycanın işğal olunmuş bütün əraziləri tez bir zamanda Azərbaycana qaytarılsın.”