İran Rusiya ilə energetika sahəsində əməkdaşlığını genişləndirir

İranın neft naziri Cavad Ovci bildirib ki, İran və Rusiya təbii qaz mübadiləsinə dair saziş imzalayacaqlar.
İran Rusiya qazını daxili istehlak üçün alacaq və bunun müqabilində eyni miqdarda yanacağı digər alıcılara, o cümlədən Pakistan, Əfqanıstan və Omana ixrac edəcək. Qaz mübadiləsi “Qazprom” və İranın NIOC dövlət neft korporasiyası arasında müqavilənin bir hissəsi olacaq.
Nazir bildirib ki, İran rus şirkətləri ilə 40 milyard dollar dəyərində anlaşmalar imzalayıb.
Bu anlaşmalar İranın 7 neft və qaz yatağının Rusiya tərəfindən inkişaf etdirilməsini və Şimal-Cənub dəhlizinin sonuncu seqmenti olan Rəşt-Astara dəmir yolunun tikintisinin Rusiya bankları tərəfindən maliyyələşdirilməsini əhatə edir.
Ovci əlavə edib ki, daha 14 yatağın inkişaf etdirilməsi ilə bağlı müzakirələr davam edir.
Məlumatda həmçinin bildirilir ki, Rusiya texnologiyası sayəsində İran dünyanın ən böyük qaz yatağı olan Cənubi Parsda qaz çıxarma əmsalını artıracaq.
İran qaz ehtiyatlarına görə dünyada Rusiyadan sonra ikinci yeri tutur. Ancaq ABŞ-ın sanksiyaları Tehranın qaz çıxarma texnologiyasına çıxışını önləyib, qaz ixracını səngidib.