İranlı deputat: Azərbaycanla nəqliyyat əlaqələrinin inkişafı regionun xeyrinədir

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İran və Azərbaycan arasında nəqliyyat əlaqələrinin inkişafının regionun xeyrinə olduğunu deyib.
“Astaranı Azərbaycan Respublikası ilə birləşdirən dəhliz İranı Rusiya və Avropa ilə də birləşdirə bilər və hazırda bu məsələnin gerçəkləşməsi üzərində iş gedir”, – deyə Mahmud Abbaszadə Meşkini bildirib.
Deputat İranın şimal-qərbdə Azərbaycan və digər qonşu ölkələri ilə nəqliyyat əlaqələrinin inkişafı haqda bildirib ki, “region ölkələri, xüsusilə qonşular ilə əlaqələrin möhkəmləndirilməsi İranın diplomatiya sahəsindəki ən mühüm siyasətlərindən biridir”.
Ərdəbil əyalətinin Meşkinşəhr şəhərini məclisdə təmsil edən deputat əlavə edib:
“Azərbaycan Respublikası regionun mühüm və inkişaf etməkdə olan ölkələrindən biridir və Qafqazın mərkəzində yerləşir, həm də İranla eyni dili, mədəniyyəti, tarixi, dini və ortaq maraqları paylaşır”.
Azərbaycan Respublikası ilə nəqliyyat və digər sahələrdəki əlaqələrin inkişafının birgə investisiya tələb etdiyini deyən Abbaszadə Meşkini, qeyd edib ki, İran şirkətləri Azərbaycanın müxtəlif bölgələrinin yenidən qurulması prosesinə yaxşı töhfə verə bilərlər.