İran Ermənistanda avtomobil istehsal edəcək

İranın Ticarətin İnkişafı Təşkilatı bildirib ki, Ermənistan rəsmilərinin razılığı ilə bu ölkədə İran avtomobillərinin istehsal xətti işə başlayacaq.
İranın Sənaye nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpak ötən gecə Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryanı qəbul edib.
Görüşdə tərəflər ticarət əlaqələrinin inkişafı, malların tranzitinin alternativ yolları, barter mallarının siyahısı, Ermənistanda İran avtomobil istehsalı xəttinin yaradılması, məişət və elektron avadanlıqlarının birgə istehsal xəttinin işə salınması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Ermənistanın iqtisadiyyat nazirinin müavini də bu məsələni alqışlayıb və deyib:
“Biz infrastrukturun yaradılması və əlverişli ərazinin ayrılmasında İran şirkətləri ilə əməkdaşlığa hazırıq və bu layihəyə hazırlıq işlərinin görülməsi üçün İrandan Ermənistana nümayəndə heyətinin göndərilməsini təklif edirik”.
O əlavə edib ki, İrəvanın Avrasiya Birliyinə üzvlüyünə görə Ermənistanda avtomobil istehsalının hər iki ölkə üçün yaxşı nəticələrlə sonuclana bilər.
Ermənistanlı nazir müavini həmçinin təklif edib ki, avtomobil istehsalçılarından əlavə məişət texnikası və elektronika istehsalçılarından ibarət nümayəndə heyəti də Ermənistana göndərilsin.
“Biz bu məhsullarla bağlı da birgə istehsal xətti yaratmaq istəyirik,” – deyə Teryan bildirib.
Görüşdə tərəflər həmçinin İrandan Ermənistana və Rusiyaya yüklərin tranziti problemlərinin həlli üçün müxtəlif həll yollarını müzakirə ediblər.