Rusiya İrana yeni səfir təyin edib

Rusiya Aleksey Dedovu İrana yeni səfir təyin edib.
Dedov bu postda erməni əsilli Levan Caqaryanı əvəz edəcək.
Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali şəxsi sosial media hesabında məlumat verib:
“Bu gün Aleksey Dedovla görüşüm oldu. O, tezliklə Rusiyanın İrandakı yeni səfiri kimi fəaliyyətə başlayacaq”.
“Hər ikimiz İran-Rusiya əlaqələrinin ən yaxşı tarixi dövrlərdən birində olduğunu vurğuladıq”,-deyə Cəlali əlavə edib.
İranda 10 il səfir olaraq fəaliyyət göstərən Caqaryan qalmaqallı hərəkətləri ilə gündəmdə olub.
Onun bəzi hərəkətləri, o cümlədən diplomatiya işçiləri günü rus şairi və diplomatı, 1828-ci ildə Türkmənçay sülh müqaviləsinin imzalanmasındakı rolu olan Aleksandr Qriboyedovun heykəli önünə əklil qoyması və ya xaricdə fəaliyyət göstərən farsdilli mətbuatı tənqid etməsi mübahisələrə səbəb olmuşdu.