ABŞ Rusiyaya PUA göndərdikləri üçün 4 İran şirkətinə, 1 şəxsə sanksiya tətbiq edib

Amerika Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bəyanat yayaraq, Ukrayna müharibəsində istifadə üçün Rusiyaya İran pilotsuz təyyarələrinin göndərilməsində iştirak edən İran şirkətlərinə sanksiya tətbiq etdiyini açıqlayıb.
Sanksiyalara məruz qalan şirkətlərdən biri, Tehranda yerləşən “Səfiran” Hava limanı xidmətləri şirkətidir. Sözügedən şirkət Rusiya və İran arasında hərbi uçuşların koordinasiyasında iştirak etdiyinə görə, o cümlədən Rusiyaya pilotsuz uçan aparatların, personalın və avadanlıqların daşınması üçün uçuşlarda iştirak etdiyi üçün sanksiyaya məruz qalıb.
ABŞ Maliyyə Nazirliyi, həmçinin İranın hərbi qüvvələri üçün pilotsuz təyyarələrin tədqiqi, inkişafı, istehsalı və tədarükü sahəsində fəaliyyət göstərən üç şirkətə (Pəravər Pars, Bəharestan Kiş və Dama), eləcə də Bəharestan Kiş şirkətinin icraçı direktoru Rəhmətullah Heydəriyə sanksiya tətbiq edib.
Qərb ölkələrinin Moskvaya qarşı tətbiq etdiyi geniş sanksiyalardan sonra Rusiya prezidenti Vladimir Putin ölkənin ehtiyac duyduğu silahları təmin etmək üçün Şimali Koreya və İrana müraciət edib.
Vaşinqton qeyd edir ki, Rusiya Hərbi Hava Qüvvələri Ukraynadakı müharibədə öz pilotsuz təyyarələri ilə yanaşı, İran pilotsuz təyyarələrindən də istifadə etməyi planlaşdırır.
Qərb mediasının məlumatına əsasən, Rusiya İrandan Ukraynaya qarşı savaşda istifadə edə biləcək yüzlərlə PUA alıb.