Azərbaycan, İran və Rusiya intermodal tranzit potensialından tam həcmdə istifadə edəcək

Bu gün Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirilib.

Görüşdə həmçinin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

Görüş zamanı Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin potensialı və perspektivləri haqqında ətraflı müzakirələr aparılıb.

Tərəflər Azərbaycan, İran və Rusiyanın yüksək intermodal tranzit potensialından tam həcmdə istifadəsi və bu xüsusda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi 2000-ci ildə Sankt-Peterburqda imzalanmış Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Hökumətlərarası Sazişlə yaradılıb.

Görüşün yekunu olaraq tərəflər arasında Bakı Bəyannaməsi imzalanıb.

Bəyannaməyə əsasən, tərəflər dəhlizdən tam potensialı ilə istifadə etmək üçün infrastrukturun və nəqliyyat imkanlarının qiymətləndirilməsi və təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər və 2030-cu ilə qədər tərəflərin əraziləri arasında 30 mln. ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alıblar.

Qeyd olunub ki, tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının, prosedurların asanlaşdırılması məsələləri ilə məşğul olduğu üçün tərəflər arasında Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayıblar.

Bundan əlavə, tərəflər bir ay ərzində “Rəşt-Astara” Dəmir Yolu Layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını da bildiriblər.

İlgili xəbərlər