Milli fəal Əlirza Fərşi həbsxanaya qaytarılır

Göz buynuz qişası əməliyyatı üçün tibbi məzuniyyətdə olan siyasi məhbus Əlirza Fərşi həbsxanaya çağırılıb.

Ona, bu gün məhkəməyə müraciət etdikdən sonra bildirilib ki, “Böyük Tehran” həbsxanasına qayıdıb əşyalarını təhvil almalıdır. Milli fəal həmin zindana getdikdən sonra Evin zindanına köçürüləcək.

Məhkəmə həmçinin Fərşiyə bildirib ki, həbsxanaya qayıtdıqdan sonra şərti azadlıq üçün tələb irəli sürə bilər.

Neçə gün əvvəl Əlirza Fərşiyə Məhkəmə hökmlərinin icra şöbəsindən bildiriş göndərilmişdi.

İnsan haqları üzrə fəaliyyət göstərən HRANA xəbər agentliyi Əlirza Fərşinin Evin Prokurorluğunun 1-ci şöbəsi tərəfindən çağırılması xəbərini dərc edərək, məzuniyyətinin bitdiyini və həbs cəzasının qalan hissəsini çəkmək üçün həbsxanaya qayıtmalı olduğunu açıqlayıb.

Fərşi buynuz qişası əməliyyatı keçirmək zərurətindən dolayı yanvarın 9-dan məzuniyyətə çıxıb və müalicə prosesinin başa çatması üçün məzuniyyət müddəti bir neçə dəfə uzadılmışdı. O, həmçinin həbsdə olduğu müddətdə ona qarşı qaldırılan fərqli iddialardan mühakimə olunaraq həbs cəzasına məhkum edilib.

2020-ci il iyulun 21-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan zaman döyülməsi nəticəsində onun gözü zədələnmişdi, həbsxanada sağlamlıq və müalicə müəssisələri olmadığından göz xəstəliyi həbsdə olduğu müddətdə daha da pisləşmişdi.

Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərində anadan olan 44 yaşılı türk dil haqları fəalı Əlirza Fərşi Tehranın Şərif Texnologiya Universitetində kompüter mühəndisliyi üzrə magistr dərəcəsi alıb.

İlgili xəbərlər