İran rəsmisi: Norduz gömrüyünün potensialı təcili olaraq genişləndirilməlidir

İranın “Araz” Azad İqtisadi Zonasının icraçı direktoru Məcid Kiyani bildirib ki, İran və Ermənistan təcili olaraq Norduz gömrüyünün potensialını inkişaf etdirməlidirlər.
O, Tehran Ticarət Palatası tərəfindən keçirilən İran-Ermənistan bank biznes forumunda deyib:
““Araz” Azad İqtisadi Zonası İranın Ermənistanla və Avrasiya bazarları ilə yeganə sərhədi olmasına baxmayaraq Ermənistana son səfərimdə belə nəticəyə gəldim ki, bu ölkə ilə iqtisadi əlaqələrin genişləndirməklə bağlı problemlərin qaynağı hər iki tərəfin potensialının üzə çıxarılmamasıdır”.
Kiyani əlavə edib ki, həm İran, həm də Ermənistan dərhal Norduz gömrüyündə öz imkanlarını inkişaf etdirməlidirlər.
“Bunun üçün aparılan layihələndirmə əsasında Norduz gömrüyünün ərazisi əlavə olaraq 8 hektar artırılacaq”,- deyə o qeyd edib.
Kiyaninin sözlərinə görə, keçən günəş ilində (mart, 2021-2022) İranla Ermənistan arasındakı Norduz gömrüyündən 24 min yük avtomobili vasitəsilə həyata keçirilmiş idxal-ixracın həcmi 273 min ton olub. Gömrüyün xarici tranzit həcmi bir öncəki ildə 164 milyon dollar olub ki, cari ilin ilk 5 ayında(mart 2022-dən başlayaraq) bu rəqəm əvvəlki ilin 5 ayı ilə müqayisədə 30 faiz çoxalıb.