İsrail: İran Suriyanın 10 hərbi bazasını raket istehsalı fabrikinə çevirib

İsrailin müdafiə naziri Benni Qantz İranı Suriyada modern raketlər hazırlamaqda ittiham edib.
O, deyib ki, İslam Respublikası Suriyadakı 10-dan çox bazada hərbi obyektlərdən istifadə etməklə silah istehsal edir və bölgədəki təmsilçi qüvvələrini qidalandırır.
Qantz Suriyadakı hərbi bazaların xəritəsini göstərərək, Suriyanın dövlət qurumlarının raket və silah istehsalında İranla əməkdaşlıq etdiklərini açıqlayıb. Nyu-Yorkda keçirilən konfransda o, İranın Məsyaf bölgəsindəki Suriyanın elmi tədqiqat və araşdırma mərkəzini orta və uzun mənzilli raket istehsalı zavoduna çevirdiyini və onları Livan Hizbullahı və özünün bölgədəki digər təmsilçi qüvvələrinin ixtiyarına verdiyini vurğulayıb.
İsrailin müdafiə naziri bildirib ki, regionda “qorxu və dəhşət yaymaqdan” başqa məqsədi olmayan bu siyasət SEPAH-ın “Qüds” qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dövründən başlayıb və bunu dayandırmaq lazımdır.