Paşinyan İran prezidentinə zəng edib

Ermənistan Baş nazir Nikol Paşinyan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
İran mediasında verilən məlumata əsasən, ötən gecə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş verən hərbi toqquşmaların ardınca, Paşinyan İran tərəfinə Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisində “təxribat və təcavüzkar” addımlarının təfərrüatları haqda bilgilər verib.
Ermənistan baş nazirinin ofisindən verilən məlumata görə, telefon danışığında İran prezidenti Cənubi Qafqazda yeni müharibəni qəbuledilməz hesab edib və ölkəsinin Qafqazdakı prosesləri diqqətlə izlədiyini bildirib.
“İran və Ermənistan münasibətləri təhlükə altına düşməməli, kommunikasiya yolları hökumətlərin nəzarəti altında olmalıdır. İran regionda sülhün bərqərar olmasına dəstək verməyə hazırdır, Ermənistanın təhlükəsizlik məsələsi İran üçün vacibdir”, -deyə İbrahim Rəisi bildirib.