İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olur

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olur.

Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Canq Minq tərəfindən imzalanıb.

Bu arada Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi ŞƏT sammiti çərçivəsində görüşüblər.

Görüşdə Putin İranın ŞƏT-ə qoşulmasından məmnunluq ifadə edib.

“Üzvlük prosesini yekunlaşdırmaq üçün formal məsələlər qalıb. İranla Rusiyanın münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir”, – Putin vurğulayıb.

Rusiya lideri bir çox beynəlxalq məsələlərdə Moskva ilə Tehranın mövqelərinin üst-üstə düşdüyünü də xatırladıb.

İran Prezidenti Rəisi isə bildirib ki, Tehran Rusiyaya qarşı tətbiq edilən sanksiyaları tanımaqdan imtina edir.

O əlavə edib ki, Rusiya və İran ABŞ sanksiyalarının təsirini birgə neytrallaşdırır:

“Tehran Moskva ilə əlaqələrini gücləndirməyə davam edəcək”.

ŞƏT-in əsası 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderləri tərəfindən Şanxay şəhərində qoyulub. Əvvəllər təşkilat “Şanxay beşliyi” adlanırdı. Lakin 2001-ci ildə Özbəkistanın da bu birliyə qoşulması onun adının dəyişərək ŞƏT adlanmasına səbəb oldu.

Hindistan və Pakistan 2005-ci ildən ŞƏT-ə tamhüquqlu üzv olublar. Həmin il İran təşkilatda müşahidəçi statusu almışdı. Bu gün isə İran ŞƏT-ə tamhüquqlu üzv olmaq üçün əsaslı addım atdı.

İlgili xəbərlər