İranda əxlaq polisi tərəfindən döyüldüyü iddia edilən qız beyin ölümü keçirib

Hicab qaydasına əməl etmədiyinə görə 22 yaşlı qız Tehranda əxlaq polisinin patrul avtomobilində və Vozəra təcridxanasında olan zabitlərin hücumuna məruz qalması nəticəsində ağır kəllə-beyin travması alaraq beyin ölümü keçirib.

Qızın adının Məhsa Əmini olduğu bildirilir. Məlumata görə, ailəsi ilə birlikdə Tehrana qohumlarını ziyarətə gedən gənc qız sentyabrın 13-ü axşam saatlarında metronun “Şəhid Həqqani” stansiyası yaxınlığında Əxlaq polisi patrulunun əməkdaşları tərəfindən həbs edilib.

Onun döyülməsi və həbs olunması haqqında məlumatlar yayıldıqdan bir neçə saat sonra beyin ölümü keçirdiyi xəbər verilib.

Hadisə yerində olmuş şahidlər jurnalistlərə deyiblər ki, Əmini böyük ehtimal polis məntəqəsinə aparılarkən əxlaq polisinə məxsus mikroavtobusda döyülüb.

Qadının həbsindən bir neçə saat sonra qohumlarına onun xəstəxanada olduğu xəbər verilib.

Tehran Polis İdarəsi Əmininin döyüldüyünə dair iddiaları rədd edib və bildirib ki, o Tehrandakı polis bölmələrindən birinə “hicab barədə tərbiyələndirici söhbət” üçün aparılmışdı, lakin orada qəfildən ürək problemi yaşayıb.

İran hakimiyyəti son vaxtlarda qadınların hicab qaydalarını pozmasına qarşı tədbirləri sərtləşdirib.

Sosial media şəbəkələrində yayılan video və fotolarda qadınların küçədə və nəqliyyatda saxlanaraq kobud şəkildə əxlaq polisinin mikroavtobuslarına salındığı görünür.

İlgili xəbərlər