Əxlaq polisi tərəfindən döyüldüyü iddia edilən xanım vəfat edib

İranda əxlaq polisi tərəfindən döyüldüyünə görə ağır kəllə-beyin travması alaraq beyin ölümü keçirən 22 yaşlı qız vəfat edib.
Məhsa Əminin vəfat etdiyi Kəsra xəstəxananın qarşısına toplaşan cəmiyyət etiraz aksiyası keçirib. Məlumata əsasən, polis aksiya keçirənlərə qarşı sərt müdaxilə edərək bir neçə nəfəri həbs edib.
İran parlamentinin keçmiş deputatı və islahatçı Mahmud Sadeqi tvit ataraq ölkə rəhbəri Əli Xameneini Amerika polisi tərəfindən saxlanılarkən öldürülən Corc Floyd üçün sərgilədiyi mövqeyi bu hadisə ilə bağlı da göstərməyə çağırıb.
Həmin vaxt Xamenei çıxışında “İnsanları öldürürlər, üstəlik dilləri də uzundur” demişdi.
Qeyd edək ki, ailəsi ilə birlikdə Tehrana qohumlarını ziyarətə gedən Məhsa Əmini sentyabrın 13-ü axşam saatlarında metronun “Şəhid Həqqani” stansiyası yaxınlığında Əxlaq polisi patrulunun əməkdaşları tərəfindən həbs edilib.
Onun döyülməsi və həbs olunması haqqında məlumatlar yayıldıqdan bir neçə saat sonra beyin ölümü keçirdiyi xəbəri verilib.
Polis M.Əmininin döyülmədiyini, “təlim” üçün aparılan mərkəzdə ürək infarktı keçirdiyini iddia edir.