Polis tərəfindən döyüldüyü iddia edilən qadının dəfn mərasimində hökumətə qarşı şüarlar səsləndirilib

İranda hicaba görə saxlanıldığı zaman döyüldükdən sonra ölən gənc qadının dəfn mərasimində hökumətə qarşı şüarlar səsləndirilib.

Məhsa Əmini bu gün Kürdüstan əyalətinin Saqqız şəhərində torpağa tapşırılıb.

Çox sayda əhalinin qatıldığı dəfn mərasimində xalq ölkə rəhbəri Əli Xamenei və məcburi hicaba qarşı “Ölüm olsun diktatora!”, “Bir yaylığa görə qətl, nə vaxta qədər bu zillət”, “rəhbərimiz ayıbımızdır” kimi şüarlar səsləndirib.

Qeyd edək ki, ailəsi ilə birlikdə Tehrana qohumlarını ziyarətə gedən Məhsa Əmini sentyabrın 13-ü axşam saatlarında Əxlaq polisi patrulunun əməkdaşları tərəfindən həbs edilib.

Onun döyülməsi və həbs olunması haqqında məlumatlar yayıldıqdan bir neçə saat sonra beyin ölümü keçirdiyi xəbəri verilib.

Polis M.Əmininin döyülmədiyini, “təlim” üçün aparılan mərkəzdə ürək infarktı keçirdiyini iddia edir.

İlgili xəbərlər