Türkiyədə dörd İran casusu həbs edilib

Türkiyə mediasının yazdığına görə, İstanbulda 4 İran vətəndaşı “siyasi və hərbi casusluq məqsədilə hökumətə aid məlumatları toplamaq” ittihamı ilə həbs edilib.
İstanbul polisi açıqlamasında bildirib ki, miqrant qaçaqçılığı ilə mübarizə idarəsinin əməkdaşları bir iranlı cütlük və daha iki İran vətəndaşının saxta sənədlərlə miqrantları Türkiyəyə keçirməyə cəhd etdiklərini müəyyən ediblər.
Açıqlamaya görə, saxlanılanlardan onlarla xarici və Türkiyə pasportu, kəşfiyyat və casusluq fəaliyyətlərində istifadə edilən bir dinləmə cihazı ələ keçirilib.
Bəyanatda əlavə edilib ki, onlar daha öncə də İstanbulda “miqrant qaçaqçılığı əməliyyatı” zamanı həbs ediliblər.