İranda geniş etirazlar- Bəzi bölgələrdə İran bayrağı endirildi

İranda hicaba görə saxlanıldığı zaman döyüldükdən sonra aldığı zərbələr nəticəsində həyatını itirən gənc qızın ölümünə etiraz olaraq başlayan aksiyalar getdikcə böyüyür.

22 yaşlı Məhsa Əmininin qətlinə etiraz olaraq aksiya keçirmək üçün toplaşmış İranın Kürdüstan əyalətinin Divandərə şəhər sakinləri ilə xüsusi təyinatlı qüvvələr arasında ciddi toqquşma baş verib. Polisin açdığı atəş nəticəsində ən az iki nəfərin öldüyü bildirilir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə hökumət qüvvələrinin etirazçılara ardıcıl atəş açdığı müşahidə olunur.

Kürd dillilərin yaşadığı bəzi şəhərlərdə İranın bayrağı endirilib.

Kürdüstan, Kirmanşah əyalətlərində başlanan aksiyalara dəstək məqsədilə bəzi şəhərlərdə bazar və mağazalar bağlanıb. İş adamları etirazçılara dəstək nümayiş etdiriblər.

Məlumata görə, bununla yanaşı Qərbi Azərbaycan əyalətinin cənub bölgəsinin iki şəhərində də, mağazalar bağlanıb və aksiyaçılarla həmrəylik nümayiş etdirilib.

Bununla yanaşı paytaxt Tehran, eləcə də İsfahan, Məşhəd və Rəşt kimi böyük şəhərlərdə də etirazlar keçirilib.

Bu arada İran parlamentinin üzvü Moinəddin Səidi əxlaq polisini sərt tənqid edib:

“Əxlaq polisi bizim övladlarımıza çox dərin stress yaşadır. Bu dəfə əxlaq polisi məsələsi barədə birdəfəlik tədbir görülməlidir. Prezident deyirdi ki, idarəçilər üçün əxlaq polisi yaradacaq amma, əvəzində bu cür faciələri müşahidə edirik”.

 

İlgili xəbərlər