Tehran: İrəvanla Bakı arasındakı ixtilafları həll etməyin ən yaxşı yolu diplomatiyadır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan və Azərbaycan arasındakı ixtilafları həll etmək üçün siyasi həll yollarından istifadə etməyin zəruriliyini vurğulayıb.
Naser Kənani bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib:
“İranın Cənubi Qafqazdakı proseslərlə bağlı mövqeyi dəfələrlə bəyan edilib və Tehran həmişə qonşuluq siyasətindən çıxış edir”.
Ermənistanın baş nazirinin İran prezidenti ilə telefon danışığına və İranla Azərbaycan xarici işlər nazirlərinin məsləhətləşmələr aparmasına toxunan İranın xarici siyasət idarəsinin rəsmisi əlavə edib:
“Tehran mübahisələri həll etmək üçün siyasi həll yollarından istifadə etməyi düzgün hesab edir”.
Bu arada İran parlamenti növbədənkənar iclasda Azərbaycan-Ermənistan məsələsini müzakirə edəcək.
Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Vəhid Cəlalzadə deyib.
O bildirib ki, çərşənbə günü Azərbaycan və Ermənistan məsələlərinə dair önəmli və fövqəladə iclas keçiriləcək.
Cəlalzadə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən ciddi narahat olduqlarını deyib:
“Biz ölkənin yüksək vəzifəli məmurları ilə bu məsələni müzakirə etdik. Ölkənin Ali Milli Təhlükəsizlik Şurasından, eləcə də Xarici İşlər Nazirliyindən bu məsələlərə ciddi yanaşmağı xahiş edirik”.