Güney Azərbaycanın müxtəlif şəhərlərində aksiya keçirilib + VİDEO

İranın başqa şəhərləri ilə yanaşı Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları gecə saatlarında da davam edib.
Təbriz, Zəncan, Mərəndlə yanaşı Urmiya və Ərdəbil şəhərlərində də narazı kütlə mərkəzi küçələrdə hökumət əleyhinə şüarlar səsləndiriblər.
Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərində etiraz aksiyaları zamanı əhalinin hökumət qüvvələri qarşısında müqavimət göstərdiyi bildirilir.
Günortadan sonra Mərəndin mərkəzi bölgəsində başlayan aksiya zamanı hökumət məmurlarının dinc etirazçılara hücum edərək bir neçə nəfəri həbs etməyə cəhd göstərməsi qarşıdurmaya səbəb olub.
Əhaliyə qarşı rezin dəyənəklərdən istifadə edən məmurların vətəndaşların müqaviməti ilə üzləşdikləri üçün aksiya yerindən qaçdıqları bildirilir.
Fəallar aksiya yerindən aralıda bir neçə nəfərin həbs edildiyini, ancaq hələlik onların dəqiq sayı və kimliyinin məlum olmadığını yazıblar.
Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinə də gün səhər saatlarından yenidən xüsusi təyinatlı qüvvələr və zirehli texnikalar yeridilib.
Sosial media fəallarının verdiyi məlumata görə, sentyabrın 21-i günortaya yaxın Urmiya şəhərində etiraz aksiyaları başlayıb.
Məlumata görə, aksiyaların başlandığı dəqiqələrdə polis və xüsusi təyinatlı qüvvələr etirazçılara hücum edib, bir neçə nəfər saxlanılıb.
Şəhərin mərkəzi küçələrindən olan “Moləvi”də etirazçı qadınlara qarşı təhqiramiz ifadələr işlədərək onlara hücum edən mülki geyimli təhlükəsizlik məmurunun xalq tərəfindən döyüldüyünü əks etdirən görüntülər yayılıb.
Ərdəbil də narazılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Aksiyaçılar “Top, tüfəng ləğv ola, axund gərək rədd ola!” şüarı səsləndirib.